Çin yuanı, ABŞ və İran arasında diplomatik danışıqların və neft qiymətlərinin düşməsinin təsiri ilə dollara qarşı üç ilin ən yüksək səviyyəsinə çatıb. Çin Xalq Bankı yuanın dollara qarşı məzənnəsini 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə yüksəldib.
EDnews GDH-yə istinadən xəbər verir ki, Çin yuanı, ABŞ və İran arasında diplomatik danışıqların bazarlara təsiri ilə, xüsusən də neft qiymətlərinin düşməsi və Hörmüz boğazının yenidən açılması gözləntiləri ilə əlaqədar olaraq, dollara qarşı üç ilin ən yüksək səviyyəsinə çatıb. Çin Xalq Bankı, dollar/yuan məzənnəsi üçün gündəlik orta nöqtəni 6,8487 səviyyəsində müəyyən edərək, yuanın dollara qarşı məzənnəsini 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə çatdırıb.
Dollar indeksinin düşməsi də yuanın dəyər qazanmasında mühüm rol oynayıb. İlin əvvəlindən dollar indeksinin azalması, Çin valyutasının dəyər qazanmasında əsas amil kimi göstərilir. Çin yuanı bu il dollara nisbətən 2,64 faiz dəyər qazanıb. Analitiklər, dollar indeksinin azalmasının qarşıdakı aylarda yuanın daha da bahalaşmasına səbəb olacağını və ilin sonuna qədər dollar/yuan məzənnəsinin 6,65-ə düşəcəyini proqnozlaşdırırlar.
Çin iqtisadiyyatının müsbət proqnozu ölkənin valyuta ehtiyatlarında da özünü göstərib. Dövlət Valyuta Mübadiləsi Administrasiyasının (SAS) açıqladığı məlumata görə, Çin valyuta ehtiyatları mart ayı ilə müqayisədə 2,05% artaraq, 3,41 trilyon dollara çatıb. ABŞ dolları indeksi aprel ayında düşüb, qlobal maliyyə aktivlərinin qiymətləri isə qarışıq göstəricilər nümayiş etdirib.
Rəsmilər, valyuta ehtiyatlarındakı artımın svop əməliyyatları və aktiv qiymətlərindəki dəyişikliklərin birgə təsiri ilə baş verdiyini bildirib.







