Bu gün Azərbaycanın görkəmli siyasi xadimi Əlimərdan bəy Topçubaşovun doğum günüdür.
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1862-ci il mayın 4-də Tiflisdə anadan olub. Əslən gəncəli olub. Babaları hərbçi olub, Tiflisdə və İrəvanda yaşayıblar. Topçubaşov soyadı onun ulu babası Əliəkbər bəyə topçuluq peşəsini dərindən bildiyinə görə II Irakli tərəfindən verilib. Atasını uşaqkən itirən Əlimərdan bəyi nənəsi böyüdüb.
O, ilk təhsilini müsəlman mədrəsəsində alıb. Sonra I Tiflis gimnaziyasına daxil olub. Gimnaziyanı bitirdikdən sonra 1884-cü ildə Pеtеrburq Univеrsitеtinin tarix-filologiya fakültəsində təhsilini davam etdirib. 3-cü kursda oxuyarkən gizli tələbə təşkilatlarında iştirakına görə universitetdən xaric edilsə də, professorların müdaxiləsi ilə ali məktəbə yenidən bərpa olunub.
.jpg)
Ednews xalqımızın parlaq şəxsiyyəti haqqında maraqlı faktları təqdim edir.
- Əlimərdan bəyə Peterburq Universitetinin hüquq fakültəsində qalıb professor dərəcəsi almaq təklif edilir. Lakin bunun üçün o, pravoslavlığı qəbul etməli idi. Topçubaşov bundan imtina edir.
- Gənc Əlimərdan bəy bir müddət Tiflis Kommersiya Məktəbində dərs deyib, hakim köməkçisi və dairə məhkəməsinin katibi vəzifələrində işləyib. Bakıya gəldikdən sonra vəkilliklə məşğul olub.
- Əlimərdan bəy 1893-cü ildə Azərbaycan mili mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurub. Zərdabi qızı üçün Topçubaşovdan 10 min rubl başlıq pulu istəyib. Amma onun bu qədər pulu yox idi. Buna görə də Əlimərdan və Pəri toy mərasimi keçirməməyi və pulu Həsən bəyə verməyi qərara alıblar. Bu evlilikdən onların üç oğlu və iki qızı dünyaya gəlib.

(Əlimərdan bəy Topçubaşov ailəsi ilə)
- Topçubaşov fəal siyasi fəaliyyətə 1897-ci ildə “Kaspi” qəzeti ilə başlayıb. 1905-ci ildə isə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu ilə birlikdə azərbaycan dilində “Həyat” qəzetini təsis edib.

(İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Bakı, 1894-cü il)
- Topçubvaçov müsəlman ictimai və siyasi təşkilatları tərəfindən 1901-ci ildə Bakı şəhər Dumasının “qlasnı”sı seçilib. O, bütün Rusiya müsəlmanlarının siyasi liderlərindən hesab olunurdu, həmçinin, Rusiya İmperiyasında yaşayan müsəlmanların ilk siyasi təşkilatı olan “İttifaqül-müslimin”in banilərindən və rəhbərlərindən biri idi.
- 1906-cı ilin mayında Topçubaşov Birinci Dövlət Dumasının deputatı seçilib və müsəlman fraksiyasına başçılıq edib. İyulda Duma buraxıldıqdan sonra o, digər tərəqqipərvər deputatlarla birgə monarxiyanın irticaçı idarəetmə üsulunu ifşa edən “Vıborq bəyannaməsi”ni imzaladığına görə üç ay müddətinə həbs edilir.

(Vıborq müraciətnaməsi üçün toplaşan Duma üzvləri. Sağdan aşağı ilk sıra və ikinci sırada duran iki şəxsin arasındakı Əlimərdan bəy Topçubaşovdur)
- 1918-ci ilin mart hadisələrindən sonra aprel ayının 3-də Əlimərdan bəy Topçubaşov erməni əsgərləri tərəfindən bir aylıq həbs edilir. Sonradan Hümmət təşkilatının zaminliyinə verilib azad olunsa da, ermənilərin tələbi ilə yenidən tutulub Bayıl həbsxanasına göndərilir. Həbsxanadakı ağır şəraitdən sonra nəzarət altında xəstəxanaya yerləşdirilən Topçubaşov yenidən zaminə verilərək azadlığa buraxılır.
- Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini imzaladığı vaxtda Əlimərdan bəy Bakıda həbsdə idi. Buna görə də Xoyskinin rəhbərlik etdiyi I hökumətdə vəzifə tuta bilmir.

(Azərbaycan Nümayəndə Heyətinin üzvləri, Paris, 1919-cu il)
- Topçubaşov 1918-ci ilin 17 iyununda təşkil olunan II kabinetdə portfelsiz nazir təyin olunur. Sonradan xarici işlər naziri vəzifəsinə təyin edilir.
Cümhuriyyət Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Əlimərdan bəy Topçubaşovu fövqəladə və səlahiyyətli nazir kimi İstanbula göndərir. Əlimərdan bəy Topçubaşovun ilk görüşü sədrəzəmi Tələt Paşa ilə olub.
- Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinə başçılıq edib. Onların fədakar fəaliyyəti nəticəsində 1920-ci ilin yanvarın 11-də beynəlxalq güclər Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-fakto səviyyəsində tanıyır.


(Azərbaycan nümayəndə heyəti Parisdə)
- Paris sülh konfransında Topçubaşov bir sıra vacib görüşlər keçirir. Bunlardan ən mühümü Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüşüdür. O, ABŞ prezidenti ilə görüşən ilk azərbaycanlı dövlət xadimi kimi tarixə düşüb.
- Cümhuriyyətin süqutundan sonra Topçubaşov Parisdə mühacirətdə qalır. Burada çətin günlər yaşayır. Bu barədə 1920-ci ilin yanvarın 29-da Ceyhun Hacıbəyliyə yazdığı məktubunda məlumat verir:
“Bizim maddi vəziyyətimiz çox ağırdı. Gürcüstandan aldığımız 100 min frank artıq xərcləndi. Fevrala qədər çətinliklə yaşayarıq, sonra isə dava-dalaş!”
- O, Cenevrədə Millətlər Liqasının tribunasından, sonrakı illərdə isə dəfələrlə Londan, Genuya, Lozanna konfranslarında “bolşeviklərin Azərbaycanın adından danışmağa haqqı yoxdur” sözlərilə vətəninin bolşevik Rusiyası tərəfindən işğal edildiyini dünyaya bəyan edir.
.jpg)
(Məhəmməd Məhərrəmov, Miryaqub Mehdiyev və Əlimərdan bəy Topçubaşov, Genuya, 1922-ci il)
- 1926-cı ildə Əlimərdan bəyin 25 yaşlı oğlu Rəşid bəy Topçubaşov vərəm xəstəliyindən vəfat edir.
- Məhəmməd Əmin Rəsulzadə Ə. Topçubaşovun fəaliyyətini belə qiymətləndirib:
“Əlimərdan bəy heç şübhəsiz, Mirzə Fətəli, Həsən bəy və İsmayıl Mirzə kimi şəxslərin canlandırdıqları milli kültür hərəkatını qurtuluş yoluna çəkən böyük mücahidlərdəndir. Fəqət, Əlimərdan bəyi bu üç ustaddan, eləcə də müasiri olan bəzi ideya adamlarından fərqləndirən bir xüsusiyyət var idi. Əlimərdan bəy yürütdüyü siyasətin fikirçisi olmaqdan çox, işçisi idi. Onun bütün həyatı milli davanın vəkilliyi kimi məsuliyyətli işlərdə keçmişdi. Hətta mətbuatda çalışması da bir ideya, bir ideoloji propaqanda yapmaqdan ziyadə, müəyyən praktik məsələlərin gerçəkləşdirilməsindən ibarət olmuşdur” (M.Ə.Rəsulzadə “Əlimərdan bəy Topçubaşov” Azərbaycan dərgisi, 1 noyabr 1952).

(Əlimərdan bəyin dəfni)
- Topçubaşov 1934-cü il noyabrın 5-də iki il davam edən xəstəlikdən sonra Parisin Sen-Deni rayonunda vəfat edib və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunub. Dəfnində Məhəmməd Əmin Rəsulzadə və bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri iştirak edib. Şimali Qafqaz, Prometey və Qurtuluş jurnalları Topçubaşovun vəfatı ilə bağlı nəşrlərin üz qabığında onun şəklini dərc ediblər.
Törə Zeynal